AEM PIC/S-ə gedən yolda bir addım da irəlidə !
18.08.2020-ci il tarixindən etibarən “Analitik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsi PIC/S (Pharmaceutical Inspection Convention and Pharmaceutical Inspection Co-operation Scheme – Əczaçılıq təftişi konvensiyası və Əczaçılıq təftişi üzrə əməkdaşlıq sistemi) beynəlxalq təşkilatına üzvlük prosedurunun ilkin mərhələsinə (“Pre-applicant”) qəbul edilmişdir. Bu səbəbdən Mərkəzin 3 əməkdaşı 20-21.04.2021-ci il tarixlərində virtual olaraq keçirilən PIC/S-in illik komitə iclasında aktiv şəkildə iştirak etmişdir. Dünyanın sözügedən sahədə 60-a yaxın tənzimləyici orqanının, həmçinin beynəlxalq və regional təşkilatlarının 100-dən çox nümayəndəsinin qatıldığı iclasda Analitik Ekspertiza Mərkəzinin üzvlüklə bağlı statusu və bu istiqamətdə görülməsi nəzərdə tutulan işlər, tədbir iştirakçılarının diqqətinə çatdırılmışdır. İclasda eləcə də, PIC/S-in gündəmində olan gələcək təlimlər, təftişlər, qəbul və ya dəyişiklik edilməsi planlaşdırılan normativ sənədlər, eləcə də digər cari məsələlər müzakirə olunmuş, səsvermə keçirilmiş və qərarlar qəbul edilmişdir.
Analitik Ekspertiza Mərkəzi beynəlxalq arenada əczaçılıq sahəsi üzrə respublikamızı yüksək səviyyədə təmsil etməyə, bu sahədə inkişaf tendensiyaları ilə ayaqlaşmağa və həmin tendensiyaları milli əczaçılıq sahəsində tətbiq edərək töhvə verməyə daim çalışır.