Azərbaycanda koronavirusa yoluxma 20 minə yaxınlaşır, daha 6 nəfər ölüb

Cümə günü Azərbaycanda koronavirus infeksiyasına daha 534 nəfərin yoluxması faktının qeydə alındığı bildirilib.

Nazirlər Kabineti yanında Operativ Qərargah 471 nəfərin sağaldığını, 6 nəfərin isə vəfat etdiyini açıqlayıb.

İndiyə kimi Azərbaycanda 19801 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 11291 nəfəri sağalıb, 241 nəfər vəfat edib.

Bu günə olan aktiv xəstə sayı 8269 nəfərdir.

Operativ qərargahın məlumatına görə ötən müddət ölkə ərzində 509811 test aparılıb. Bugünkü test sayı isə 6846-dır.

Azərbaycanda ilk koronavirusa yoluxma halı 28 fevralda qeydə alınıb.

Martın 24-dən qüvvədə olan xüsusi karantin rejimi avqustun 1-dək uzadılıb.

Nazirlər Kabineti mayın 4-dən etibarən xüsusi karantin rejimini bir qədər yumşaldıb. İyun ayında isə qurum koronavirusun qarşısının alınması məqsədilə həftəsonları ev təcridi rejimi tətbiq etməyə başlayıb.

İyunun 19-da xüsusi karantin rejimi 1 avqustadək uzadılıb və bəzi şəhər və rayonda ciddi rejim barədə qərar verilib

Operativ qərargah infeksiyanın yayılmasın yol verməmək üçün vətəndaşlardan bəzi tələblərin olduğunu açıqlayıb:

  • Özünütəcrid tədbirlərinə uyğun davranmaq,
  • Yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmaq,
  • Digər şəxslərlə minimum kontaktda olmaq,
  • İnsanların sıx toplaşdığı yerlərə getməmək,
  • Mövcud preventiv tədbirlərin şərtlərinə ciddi əməl etmək

Hazırda Azərbaycanda koronavirusa yoluxma halları təkcə ölkəyə xaricdən gələn şəxslər arasında aşkar edilmir, həm də artıq ölkə daxilində insanların bir-birini yoluxdurması faktları aşkarlanır, qurum bəyan edib.

Nazirlər Kabineti konkret şəhər və rayonların adını çəkməsə də, Azərbaycanın müxtəlif regionlarında yaşayan insanlar arasında da infeksiyaya yoluxma hallarının olduğunu bildirib.

Rəsmilər bildiriblər ki, azyaşlı uşaqları olan ailələrə, yaşlılara, tibbi yardıma ehtiyacı olan şəxslərə, qadınlara üstünlük verilməklə məhdud çərçivədə və zəruri hallarda vətəndaşların müəyyən olunmuş qrafik çərçivəsində 14-21 gün müddətinə karantinə yerləşdirilməklə digər ölkələrdən Azərbaycana gətirilməsi davam edir.

Xarici ölkələrdə qalan Azərbaycan vətəndaşlarından indiyədək təxminən 10 min nəfərin təxliyə edildiyi deyilir.

"…Azsaylı bəzi şəxslərin, ehtiyacı olmadığı halda, təxliyədən sui-istifadə etmələri, təxliyə üçün təyyarə göndərilən zaman geri qayıtmaqdan imtina etmələri və sonradan təxliyə olunmaq üçün "xüsusi" təyyarə göndərilməsi iddiası ilə çıxış etmələri, xarici ölkələrdə COVİD-19 virusuna yoluxmuş şəxslərlə təmasları gizlətmələri, bu barədə yanlış məlumat vermələri və dövlət qurumlarının öz qanuni fəaliyyətini həyata keçirməsinə maneə olmaq və dövlətin gördüyü işlərə qarayaxma cəhdləri kimi təəssüf doğuran və məsuliyyətsiz hallar da vardır", - rəsmi məlumatlarda vurğulanıb.

Hökumət koronavirusun ölkə ərazisində yayılmasının qarşısının alınması tədbirləri çərçivəsində vətəndaşların geri qaytarılması zamanı Azərbaycanda karantin üçün ayrılmış məntəqələrin insanları qəbuletmə imkanlarının əsas götürüldüyünü bildirib.

Bəzi ölkələrdə hələ də təxliyəsini gözləyən azərbaycanlılar var.

.