Bakıda pestisidlərdən istifadənin idarə edilməsinə dair regional seminar işə başlayıb
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin təşkilatçılığı və Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) dəstəyi ilə bu gün Bakıda “Pestisidlərin həyat dövriyyəsinin idarə edilməsi” mövzusunda regional seminara start verilib. “Mərkəzi Asiya ölkələrində və Türkiyədə pestisidlərin dövriyyəsinin idarə olunması və davamlı üzvi çirkləndiricilərə aid edilən pestisidlərin zərərsizləşdirilməsi layihəsi” çərçivəsində keçirilən tədbir 18-20 sentyabr tarixlərini əhatə edir. Seminara layihəyə üzv olan Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Tacikistanı təmsil edən mütəxəssislər və FAO-nun əməkdaşları qatılıb.
Tədbirin açılışında çıxış edən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli bildirib ki, ölkəmizdə qida zəncirinin əsas elementlərindən olan bitki sağlamlığı sahəsində hüquqi bazanın təkmilləşdirilməsi, həmçinin bitki sağlamlığı və bitki mühafizəsi vasitələrinin və aqrokimyəvi maddələrin dövriyyəsinə nəzarət sisteminin inkişafı ilə bağlı əhəmiyyətli nəticələr əldə edilib. Bu istiqamətdə müasir tələblərə cavab verən laboratoriya infrastrukturu yaradılıb, kadr və elmi potensial gücləndirilib, beynəlxalq əməkdaşlıq əlaqələri genişləndirilib, informasiya sistemi müasirləşdirilib və digər əhəmiyyətli tədbirlər həyata keçirilib. Q.Təhməzli əlavə edib ki, ölkədə bitki sağlamlığının təmin olunması sahəsində BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Bitki Mühafizəsi Haqqında Beynəlxalq Konvensiya və Avropa və Aralıq Dənizi Bitki Mühafizəsi Təşkilatı və sair bu kimi beynəlxalq təşkilatların həyata keçirdiyi genişmiqyaslı və dəyərli çalışmalar, o cümlədən davamlı üzvi çirkləndiricilərə aid edilən pestisidlərin zərərsizləşdirilməsi ilə bağlı regional layihə çərçivəsində bu günə qədər görülmüş işlər olduqca əhəmiyyətlidir. Bu önəmli məsələnin Azərbaycan Hökumətinin daim diqqət mərkəzində olduğunu bildirən Agentlik sədri Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə yaradılmış Komissiyanın ilk iclasında pestisidlərlə çirklənmiş ərazilərdə və onların saxlanıldığı anbarlarda aparılan monitorinqlərin nəticələrinin təhlili və ümumiləşdirilərək problemlərin aradan qaldırılması, habelə pestisidlərin dövriyyəsi sahəsində monitorinqlərin aparılması, mövcud vəziyyətin təhlil edilməsi və bu istiqamətdə təhlükəsizliyin təmin olunması ilə bağlı zəruri tədbirlərə dair təkliflərin hazırlanması məqsədilə İşçi qruplar yaradıldığını diqqətə çatdırıb. Qeyd olunub ki, qrup üzvlərinin iştirakı ilə keçirilən görüşlər zamanı istifadəyə yararsız pestisidlərlə bağlı ölkədə mövcud olan problemlərin həlli istiqamətində ilkin təkliflər hazırlanaraq Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Hökumətə təqdim edilib.
Q.Təhməzli deyib ki, bu sahə üzrə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin də üzərinə böyük məsuliyyət düşür. Belə ki, Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həyata keçirilən yoxlama-nəzarət tədbirləri çərçivəsində pestisidlərin saxlanıldığı anbarlarda, satış obyektlərində, o cümlədən onların tətbiq olunduğu bitkiçilik təsərrüfatlarında kifayət qədər dövlət qeydiyyatına alınmamış, yararlılıq müddəti bitmiş, həmçinin aparılmış laborator sınaqlar nəticəsində keyfiyyət parametrləri normativ göstəricilərinə uyğun gəlməyən saxta preparatlar aşkar edilib. Bununla yanaşı, il ərzində tonlarla yararlılıq müddəti bitmiş və istifadəyə yararsız hesab olunan pestisidlər Agentliyin İnventarlaşdırma komissiyasının müvafiq rəyi ilə dövriyyədən çıxarılıb və təhlükəsizliyinin təmin olunması məqsədilə Cəngi pestisid poliqonuna daşınıb. Odur ki, sahibkarlıq subyektləri müvafiq qanunvericiliyə əsasən, istehsal və idxal etdikləri pestisidlərin, bioloji preparatların və digər bitki mühafizə vasitələrinin keyfiyyət göstəricilərinə və təhlükəsizliyinə zəmanət verməli və məsuliyyət daşımalıdırlar.
Bildirilib ki, hazırda ölkəmizdə inteqrir bitki mübarizə üsullarının tətbiqinin genişləndirilməsi, bioloji mübarizənin təşviqi hesabına zəhərli kimyəvi vasitələrdən istifadənin minimuma endirilməsi prioritet istiqamətlərdəndir. Q.Təhməzli çıxışının sonunda region ölkələrində insan, heyvan və ətraf mühit sağlamlığı arasında birbaşa asılılığı vurğulayaraq, “Vahid Sağlamlıq” konsepsiyasının aktuallığını önə çəkib.
FAO-nun Azərbaycandakı nümayəndəsi Muhammad Nasar Hayat isə tədbirdə çıxışında vurğulayıb ki, regional seminar önəmli məsələlərin müzakirəsi üçün gözəl platformadır. FAO və digər beynəlxalq təşkilatlar bitki sağlamlığı sahəsi üzrə müvafiq qurumlarla birgə Mərkəzi Asiya ölkələrində və Türkiyədə pestisidlərin dövriyyəsinin idarə olunması və davamlı üzvi çirkləndiricilərə aid edilən pestisidlərin zərərsizləşdirilməsi sahəsində bir sıra layihələrə dəstək verir.
Seminarın birinci və ikinci günlərində mütəxəssislər tərəfindən “Mövcud mənzərəni başa düşmək: Mərkəzi Asiya ölkələrində pestisidlərin həyat dövrünün idarə olunması” və "Dayanıqlı həllərə doğru: Pestisidlərin həyat dövriyyəsində idarəetmənin yaxşılaşdırılması üçün yol xəritəsi" mövzularında təqdimatların edilməsi nəzərdə tutulub. Tədbirin son günündə isə Azərbaycanda pestisidlərin həyat dövriyyəsində iştirak edən dövlət qurumlarından səlahiyyətli şəxslərin və FAO-nun bu sahə üzrə ixtisaslaşmış beynəlxalq ekspertlərinin iştirakı ilə “Azərbaycanda istifadəyə yararsız, köhnəlmiş pestisidlərin idarəedilməsinin təkmilləşdirilməsi” mövzusunda Milli Seminarın təşkil olunması nəzərdə tutulur.
Qeyd edək ki, seminar bitdikdən sonra tədbirin davamı olaraq, sentyabrın 21-də və 22-də Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyindən olan mütəxəssislərlə Agentliyin inzibati binasında görüşlərin keçirilməsi nəzərdə tutulur. Görüşlərdə Azərbaycanda bitki mühafizə vasitələrinin qeydiyyatı və dövriyyəsinə nəzarət mexanizmi ilə Türkiyə təcrübəsi əsasında yaxından tanış olmaq və prosesin təkmilləşdirilməsi istiqamətində təkliflərin verilməsi planlaşdırılır.