Bakıda Tibb Təhsili üzrə VIII Beynəlxalq Konfrans keçirilir
Azərbaycanın səhiyyə naziri Bakıda keçirilən Tibb Təhsili üzrə Beynəlxalq Konfransın açılışında çıxış edib
Oktyabrın 9-da Bakıda Tibb Təhsili üzrə 8-ci Beynəlxalq Konfransın (International Conference on Medical Education, ICME) açılış mərasimi baş tutub. Tədbir Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Azərbaycan Tibb Universiteti və Pakistan İslam Respublikasının Riphah Beynəlxalq Universitetinin birgə təşkilatçılığı ilə keçirilir. Dünyanın 20-dən çox ölkəsindən 300-ə yaxın xarici qonağı bir araya gətirən konqresdə tibb təhsili sahəsinin aparıcı mütəxəssisləri iştirak edir.
Konfrans Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başlandı.
Tibb Təhsili üzrə 8-ci Beynəlxalq Konfransın açılış mərasimində çıxış edən Səhiyyə naziri Teymur Musayev qonaqları salamlayaraq tədbirin Azərbaycan Respublikasında təşkilinə verdiyi dəstəyə görə Ümumdünya Tibb Təhsili Federasiyasına minnətdarlığını bildirib. Nazir qeyd edib ki, 2023-cü il ölkəmizdə müstəqil Azərbaycanın qurucusu və memarı, dahi siyasi xadim Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinin qeyd edilməsi ilə əlamətdardır: “Heydər Əliyevin Azərbaycana rəhbərliyi illərində respublikada həkim kadrların və təbabət alimlərinin hazırlığı yüksək vüsət aldı, yeni elmi mərkəzlər açıldı, ölkədə tibb elminin müxtəlif istiqamətləri üzrə beynəlxalq konfranslar, forumlar keçirildi”.
“Milli kadrların hazırlanmasına yönəlik strateji yanaşma möhtərəm cənab Prezident İlham Əliyevin prezidentliyi dövründə də uğurla davam etdirilir. 2007 - 2015-ci illərdə xaricdə təhsil üzrə dövlət proqramı çərçivəsində minlərlə Azərbaycanlı gənc prioritet sahələrdə təhsil almaq imkanı əldə edib. Dövlət proqramının uğurlu nəticələri möhtərəm cənab Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 2019-2023-cü illər üçün xaricdə doktorantura səviyyəsində təhsil üzrə növbəti proqramın icrasının başlanılmasına əsas verib.”- deyə Teymur Musayev bildirdi.
Ölkəmizdə tibb təhsili məsələsinə toxunan nazir qeyd edilib ki, Azərbaycan Tibb Universiteti ölkəmizdə ali tibb təhsilində əsas yer tutan qocaman ali məktəbdir. Universitet səhiyyə müəssisələri üçün yüksək ixtisaslı həkim kadrları yetişdirir, bununla da əhalinin sağlamlığının qorunmasına, tibb elminin tərəqqisinə mühüm töhfələr verir. Azərbaycan Tibb Universitetinin tədris proqramları beynəlxalq akkreditasiyadan keçib: “Hazırda ölkədə 56 ixtisas üzrə həkim hazırlığı aparılır. ATU ölkənin səhiyyə müəssisələri üçün yüksək bilikli kadrlar yetişdirir. Son illərdə tibb təhsilinin dünya standartlarına uyğunlaşdırılması üçün bir neçə ixtisas üzrə qəbul həyata keçirilir”.
“Azərbaycan Respublikasında tibb təhsilinin təkmilləşdirilməsi və dünyanın nüfuzlu ali tibb məktəbləri ilə əlaqələrin genişləndirilməsi məqsədilə möhtərəm cənab Prezident İlham Əliyevin 2015-ci il tarixli Sərəncamı ilə Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı yaradılıb. Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu texniki tərəqqinin müasir səviyyəsində təhsil standartlarına uyğun ixtisasartırma və kadrların yenidən hazırlanmasını təmin edən diplomdan sonrakı təhsil müəssisəsidir”- deyə nazir vurğuladı. Teumur Musayev bildirdi ki, son dövrlərdə bəşəriyyətin keçdiyi ciddi səhiyyə sınaqları tibb təhsilində yeni yanaşmanı labüd edir: “Rəqəmsal alətlərin tətbiqi ilə onlayn təhsil platformalarının istifadəsi genişləndi. Bundan sonra da onlayn təhsilin genişlənəcəyini nəzərə alaraq, xüsusən də davamlı tibbi təhsil sahəsində qlobal vahid akkreditasiya meyarlarının müəyyənləşdirilməsinə ehtiyac vardır”.
Sonda nazir, tədbirin tibb təhsilinin gələcək istiqamətləri ilə bağlı aktual məsələlərə toxunacağı və məhsuldar olacağına inandığını bildirdi və konfransın işinə uğurlar arzuladı.
Tədbirdə çıxış edən Azərbaycan Respublikası Elm və təhsil naziri Emin Əmrullayev konfrans iştirakçılarını salamlayaraq, tibb təhsilinin ölkənin strateji məsələlərinin həllində və əhalinin sağlamlığının qorunmasında mühüm əhəmiyyətindən danışıb: “Müşahidələr göstərir ki, ölkədə bütün zamanlarda yüksək nəticə göstərən məzunlar gələcəkdə ali təhsil almaq üçün məhz tibb sahəsini seçirlər ki, bu da yüksəkixtisaslı həkimlərin formalaşması ilə nəticələnir”.
Respublikada müasir səviyyədə tibb təhsilini tədris edən universitetlərin olduğunu bildirən Emin Əmrullayev, belə təhsil ocaqlarının ölkə üzrə coğrafiyasının daha da genişləndirilməsinin vacibliyini də vurğuladı.
Azərbaycan Tibb Universitetinin rektoru professor Gəray Gəraybəyli tibb təhsili sahəsində belə bir mötəbər tədbirin Azərbaycanda keçirilməsi və məhz Heydər Əliyev ilinə təsadüf etməsinin qürurverici hadisə olduğunu vurğulayıb. O, Bakı konfransı innovativ ideyalar, qabaqcıl təcrübələr və tibb təhsili sahəsində ən son yeniliklərin mübadiləsi üçün platforma rolunu oynayacağını bildirib: “Konfrans, tibb təhsilinin davamlı təkmilləşdirilməsi və inkişafı mədəniyyətini təşviq etməklə, müəllimlər və tələbələr kimi rollarımız haqqında düşünmək üçün bir fürsətdir.
Dünya Tibb Təhsili Federasiyanın (World Federation of Medical Education, WFME) prezidenti, professor Rikardo Leon-Borkes Bakıda ilk dəfə keçirilən ICME konfransının tibb təhsili sahəsində dünya şöhrətli mütəxəssislər arasında qarşılıqlı əməkdaşlıq üçün dayanıqlı platforma məqsədi ilə yaradıldığını qeyd edib. Qonaq bu toplantının bilik və təcrübə mübadiləsi aparmaq, dünyanın fərqli ölkələrindən olan təmsilçilərlə əməkdaşlıq qurmaq üçün imkan yaratdığını bildirib.
Birləşmiş Ərəb Əmirliklərinin Ras Al-Khaimah Tibb və Sağlamlıq Elmləri Universitetinin prezidenti professor İsmayıl İbrahim Matalka tədbirin tibb təhsili sahəsindəki yeniliklərlə bağlı tibb ictimaiyyətinin məlumatlandırılması və təcrübə mübadiləsinin aparılması baxımından önəmli olduğunu bildirib.
Konfransda həmçinin, Riphah Beynəlxalq Universitetinin kansleri Hasan Muhammed Xan, Birləşmiş Ərəb Əmirliklərinin Gulf Universitetinin kansleri professor Hossam Hamdini, Tibb Təhsili üzrə Beynəlxalq Konfransın prezidenti professor Azhar Raşid konfransın əhəmiyyəti barədə danışıblar. Qeyd olunub ki, konfransda tibb təhsilinin bütün aspektlərini əhatə edən mövzuların müzakirəsi iştirakçılar üçün böyük imkanlar yaradır.
Sonra tanınmış tədqiqatçı Fuad Axundov “Bakının neft və qeyri-neft salnaməsi” mövzusunda təqdimat keçirib. Açılış mərasimi Azərbaycan Respublikasının əməkdar artisti Səbinə Ərəblinin “Qarabağ” şikəstəsinin ifası ilə başa çatıb.
Konfrans işini müxtəlif mövzular üzrə simpoziumlarla davam etdirib. Simpoziumlarda simulyasiya əsaslı təlim, səriştələrin öyrədilməsi, koqnitiv bacarıqların aşılanması, kompüter texnologiyaları və süni intellektin tətbiqi kimi günümüzün aktual məsələləri müzakirə ediləcək. Oktyabrın 10-dək davam edəcək konfransda tibb təhsili sahəsində dünyanın 30-dan çox tanınmış ekspertinin aktual mövzularda məruzələri, "Ekspertlər nə deyir?" sessiyalarında isə tibb təhsili və təliminə dair qabaqcıl yanaşmaları təqdim olunacaq.
İndiyədək ICME konfransı iki ildən bir olmaqla Abu Dabi, Mavrikiy, İstanbul, Ottava və İslamabadda keçirilib. Konfrans 2021-ci ildə İndoneziya İslam Universiteti ile birgə virtual formatda baş tutub.